Sual: Müsəlman olmaq istəyən qeyri-müsəlmanlar «Müsəlman olarıq, amma gündə beş dəfə namaz qılmaq, ildə bir ay oruc tutaraq ac qalmaq və daha başqa əmrlər bizə çətin gəldiyi üçün müsəlman olmuruq» deyirlər. İbadət etmək niyə çətindir?
CAVAB
Müsəlman olana ibadətlər çətin deyil. Əgər müsəlman olsalar, belə şeylər söyləməzlər. İmam Rəbbani həzrətləri məktubatında buyurur:
Allahu təala qullarına edə biləcəyi şeyləri əmr etmişdir. Gücü çatmayacağı işləri əmr etməmişdir. İnsanları zəif yaratdığına görə asanlıq göstərmişdir. Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Allah sizə yüngül, asan əmr etmək istədi, çünki insan zəif yaradılmışdır». [Nisa, 28]
Namaz, oruc asandır. Zəkat üçün malın hamısının deyil, qırxda birinin verilməsini əmr etmişdir. Dinin digər əmrlərinə diqqətlə və insafla baxılsa, bu asanlıqlar görünər. Bununla yanaşı, ibadət etməyin özünə çətin göründüyü kəslər yox deyil. İbadətlərin çətin olması Allahu təalanın düşməni olan nəfsdəndir. Namaz qılmaq və digər ibadətləri etmək ancaq möminlərə asan görünür. Qəlbi qaralanlar üçün çətindir. Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Bu din [inanıb ibadət etmək] müşriklərə çətin görünür». [Şura, 13]
«[Hər növ günahdan çəkinmək, oruc tutmaq və digər ibadətləri etmək üçün] Səbir edərək və namaz qılaraq Allahdan kömək istəyin. Səbir və namaz təkcə Allahdan qorxan möminlərdən başqalarına çətin görünür». [Bəqərə, 45]
Namaz qılmamaq imansızlıqdan və ya iman zəifliyindən irəli gəlir. İmanın qüvvətli olmasının əlaməti dinimizin əmrlərinə sevərək asanlıqla tabe olmaqdır. Canı xəstə olana bəzi işlər çətin olduğu kimi, qəlbi və ruhu xəstə olana da ibadət etmək çətindir. «1/191, 289»
Qəlbi təmizləmək üçün iman edib Allahu təalanın nemətlərinə şükr etmək lazımdır. Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Allaha iman edib nemətlərinə şükr etsəniz, sizə nə üçün əzab etsin?» [Nisa, 147]
Allaha şükr etmək Ona inanıb əmr və qadağanlarına riayət etməklə olur. «3/41»
Münafiqin namazı
Sual: Münafiq də namaz qılır?
CAVAB
Münafiq müsəlman görünən kafir deməkdir. Kafir namaz qılmaz, amma namaz qılan kimi görünər. Münafiqlərlə əlaqədar hədisi şəriflər:
«Münafiqlər Quranı öyrənərlər və Quranla elm əhliylə mücadilə edərlər». [Təbərani]
«Münafiqlər əsr namazını axşama doğru qılarlar». [Hakim]
«Münafiqlərlə bizim aramızdakı əmniyyət namazdır». [Hakim]
«Namaz aşkar oldu, qəbul etdilər [elə göründülər]; zəkat gizli oldu, vermədilər». [Bəzzar]
«İşa və sübh namazına münafiq davam edə bilməz». [Hakim]
«Bizimlə münafiqlərin arasındakı əlamət işa və sübh namazlarına gəlməkdir. Münafiqlər bunu həmişə edə bilməzlər». [Səid bin Mənsur]