Sual: Namaza gecikib imama müxtəlif rükətlərdə çatan nə etməlidir? Hamısına ayrı-ayrı misal verərək izah edərsinizmi?
CAVAB
Namaza gecikib imama birinci rükətdə çata bilməyənə məsbuq deyilir. Məsbuq imam iki tərəfə də salam verdikdən sonra ayağa qalxıb çata bilmədiyi rükətləri qəza edər və qiraətləri [oxumağı] birinci, ikinci, üçüncü rükəti qılırmış kimi oxuyar. Oturuşlara isə dördüncü, üçüncü və ikinci rükət sırasıyla, yəni sondan başlayar.
Məsələn:
1- Zöhr, əsr və ya işanın fərzinin ikinci rükətinə çatan, yəni yalnız bir rükət qaçıran şəxs imam salam verdikdən sonra qalxıb sübhanəkə, fatihə və zəmmi-surə oxuyar. Ruku və səcdədən sonra oturar, əttəhiyyatunu, səlli barikləri, rəbbəna atinanı oxuyub salam verər.
2- Zöhr, əsr və ya işanın üçüncü rükətinə çatan, yəni iki rükət qaçıran, imam salam verdikdən sonra qalxıb sübhanəkə, fatihə və zəmmi-surə oxuyar. Ruku və səcdədən sonra oturar. [Başqa bir sözə görə oturmasa da, namazı səhih olar.] Əttəhiyyatunu oxuduqdan sonra qalxıb fatihə, zəmmi-surə oxuyar, ruku və səcdədən sonra oturar. Əttəhiyyatunu, səlli barikləri, Rəbbəna atinanı oxuyub salam verər. Üstün olanı belədir.
3- Zöhr, əsr və ya işanın dördüncü, yəni son rükətinə çatan şəxs imam salam verdikdən sonra qalxıb sübhanəkə, fatihə və zəmmi-surə oxuyar. Ruku və səcdədən sonra oturub əttəhiyyatunu oxuduqdan sonra qalxar. Fatihə və zəmmi-surə oxuyaraq ruku və səcdədən sonra oturmayıb qalxar. Fatihə oxuyar, ruku və səcdədən sonra oturub əttəhiyyatunu, səlli barikləri və Rəbbəna atinanı oxuyub salam verər.
4- Şamın ikinci rükətinə çatan şəxs imam salam verdikdən sonra qalxıb sübhanəkə, fatihə və zəmmi-surə oxuyar. Ruku və səcdədən sonra oturub əttəhiyyatunu, səlli barikləri, Rəbbəna atinanı oxuyub salam verər.
Şamın üçüncü rükətinə çatan şəxs də imam salam verdikdən sonra qalxıb sübhanəkə, fatihə və zəmmi-surə oxuyar. Ruku və səcdədən sonra oturub əttəhiyyatunu oxuduqdan sonra qalxar, fatihə və zəmmi-surə oxuyar. Ruku və səcdədən sonra oturub namazı tamamlayar.
5- Sübhün 2-ci rükətinə çatan şəxs imam salam verdikdən sonra qalxıb sübhanəkə, fatihə və zəmmi-surə oxuyar. Ruku və səcdədən sonra oturub namazı tamamlayar.
6- Məsbuq imam son rükətdə oturarkən əttəhiyyatunu yavaş-yavaş oxuyar, əgər erkən bitirsə, imam salam verənə qədər kəlmeyi-şəhadəti təkrar edər. Sükut etməz. Bu barədə başqa sözlər olsa da, alimlərin seçdiyi budur.
7- Son rükəti də qaçıran şəxs imama təşəhüddə çatarsa, yenə camaat savabına qovuşar.
8- İftitah təkbirini imamla birlikdə deməyin savabı çoxdur. Ona görə imamla birlikdə təkbir gətirməyə çalışmaq lazımdır!
9- Heç bir rükətə çata bilməyən salamdan əvvəl, məsələn, son təşəhüddə imama uyan şəxs imam salam verincə qalxar, təkbir gətirmədən yenidən əvvəldən qılırmış kimi qılar. Oxumalar əvvəldən, oturmalar sondan olmaqla qılmaq caizdir.
10- Mukim, səfəri olan imama da tabe ola bilər. Səfəri 4 rükətli olan fərzləri əda edərkən, mukim imama uya bilər. Çata bilmədiyi rükət olsa, imam salam verincə dördə tamamlayar. Çünki səfərinin namazı dəyişib, imamın namazı kimi 4 rükət olar.
11- Səfəri olan zöhr, əsr və işa namazını qıla bilməyib qəzaya saxlayanda qəzanı iki rükət qılmalı olduğundan eyni namazı qəza edən mukim imama uya bilməz. Çünki mukim imamın ikinci rükətin sonunda oturması fərz deyil. Səfəri olanın isə oturması fərz olduğundan mukim imama uya bilməz.
12- Camaata gələn imamı rukuda görsə, ayaq üstə təkbir gətirib rukuya əyilər. Təkbiri əyilərkən söyləsə, namazı səhih olmaz. Əyilmədən imam qalxsa, o rükətə çatmamış olar.
13- İmam səsli oxuyarkən imama uyan şəxs sübhanəkəni oxumaz, imamı dinləyər. Çünki sübhanəkə oxumaq sünnə, imamı dinləmək isə vacibdir. Sübhanəkə oxumaqdan məhrum qalmamaq üçün imam təkbir gətirəndən sonra dərhal imama uymağa çalışmaq lazımdır! İmama uymaq üçün, vəsvəsə edib gecikmək doğru deyil.
Sünnəni qıldıqdan sonra cərgəyə girərkən niyyət etmək yetərlidir. Əllərini qulaqlarına aparıb "Qəlbimi toplamadım" deyə vəsvəsə edib, niyyəti gecikdirən və buna görə sübhanəkə oxumağı qaçıran çoxdur. Buna fürsət verilməməlidir!
14- İmam fərzə başlayarkən və ya iqamə oxunarkən, məscidə gələn camaatın arasında sünnə qılmağa durulmamalıdır. Sübh namazı xaric, digər namazlarda dərhal imama uymaq lazımdır. Sübh namazında isə sünnə məscidin girişindəki dəhlizdə qılınmalıdır. Dəhliz yoxdursa, bir dirəyin arxasında qılmaq, dirək də yoxdursa, dərhal imama uymaq lazımdır. Fərzdən sonra sübhün sünnəsi qılınmaz.
15- Məscidə gec gələn harada gəldi dayanmamalıdır. Əgər sünnəni qılarkən, qarşısından keçən olsa, özünə də günah olar. Bir sütunun arxasında durmaq lazımdır! «Rəddül-muxtar, Hələbi»
Sual: İmama rukuda çatmaq üçün tələsik təkbir gətirib əyildim. Təkbiri rukuya gedincə bitirmiş oldum. İmamla rukuda bir an birlikdə dayandıq. O rükətə çatmış oldummu?
CAVAB
Rükətə çatmaq bir kənara, heç namazınız səhih olmadı. Çünki iftitah təkbirini ayaq üstə gətirmək şərtdir. İftitah təkbirini ayaq üstə gətirib sonra imamla rukuda bir an birlikdə qalsaydınız, həm namazınız səhih olmuş olardı, həm də o rükətə çatmış olardınız. “Rükətə çatacağam” deyə belə səhv etmək olmaz. Rükətə çata bilməsə də, namaza uymaq səhih olmalıdır. Buna görə də təkbiri ayaq üstə ikən gətirmək şərtdir.
Sual: İmamın səcdeyi-səhv etməyəcəyini səlli barikləri oxuduğu üçün bilən məsbuq, imam sağa və sola salam verəndə ayağa qalxsa, zərəri varmı?
CAVAB
Zərəri yoxdur. Sağa salam verməklə namaz bitmişdir. Sola salam verərkən ayağa qalxa bilər.
Sual: İmam salam verəndə məsbuq olan namazını tamamlamaq üçün ayağa qalxır. Məscidə yeni gələnlərin fərz qılan bu məsbuğa uymağı caizdirmi?
CAVAB
Məsbuğa uymaq caiz deyil.
Sual: Şam namazının 2-ci rükətində camaata çatanın və imamın birinci rükətdə ixlası, ikinci rükətdə “Nas” surəsini oxuduğunu görənin tək tamamlayacağı 1-ci rükətdə hansı surəni oxuması uyğundur?
CAVAB
İstədiyi surəni oxuyar. Məsələn, “Kövsər” surəsini , “Fil” və ya “Bəqərə” surəsini oxuyar.
Sual: Məsbuq imama birinci oturuşda çatdı. İmama uymağa niyyət etdi, təkbir gətirdi, əlini bağlamadan oturacaq, yoxsa bağlayıb oturacaq? Təkbiri necə gətirmək namazı pozur?
CAVAB
Əlləri bağlamayıb dərhal oturar. Əyilərkən təkbir gətirsə, namaza başlamamış olar.
Sual: Əsr namazının son rükətinə çatan səfəri məsbuq imamın mukim olduğunu zənn edərək dörd rükət qılır. Zərəri varmı?
CAVAB
Qəsdən qılmadığı üçün zərəri olmaz.
Sual: Məsbuğun fərz olan oturuşu özünün son oturuşudurmu?
CAVAB
Bəli.
Sual: Namaza gec gəlib birinci rükətə çata bilməyən, imam salam vermədən əvvəl qalxa bilərmi?
CAVAB
İmamın salamını gözləmək vacibdir. İmam salam vermədən əvvəl qalxmaq təhrimən məkruhdur.
Məsbuq daha çox gözləyəndə namazı fasid olacaqsa, onda qalxar. Məsələn, öz namazını tamamlayarkən günəşin çıxmaq təhlükəsi varsa və ya məstin məst müddəti keçəcəksə və ya üzrlü olub vaxt çıxmaqla dəstəmazı pozulacaqsa və buna bənzər səbəblərlə təşəhhüd miqdarı oturduqdan sonra imamın salamını gözləmədən qalxar. «Hələbi»
Sual: Camaata ikinci rükətdə çatan son rükətdə səlli barikləri oxuyarmı?
CAVAB
Hələbidə deyilir ki: Məsbuq olan [imama birinci rükətdən sonra çatan] adam əttəhiyyatunu imam salam vermədən əvvəl oxuyub bitirsə, bunlardan birini edər:
1- Kəlmeyi-şəhadəti təkrar oxuyar.
2- Əttəhiyyatunu təkrar oxuyar.
3- Sükut edər, yəni bir şey oxumaz.
4- Salavat və Rəbbənanı da oxuyar.
5- İmamın salam verəcəyi vaxta çatan şəkildə əttəhiyyatunu yavaş-yavaş oxuyar. Ən uyğun olanı budur. «Hələbiye-səqir»
Bəzi alimlər isə kəlmeyi-şəhadəti təkrar etmək sözünü əsas götürmüşdür. Tam elmihalda da bu söz seçilmişdir. Yenə Hələbidə deyilir ki: Məsbuq olmayan imama vaxtında çatan şəxs imamdan əvvəl təşəhhüdü, səlli barik və duaları oxuyub bitirsə, susub gözləyər. Bundan fərqli bir söz yoxdur.
İmama sonradan çatan
Sual: İmama birinci rükətdən sonra çatan şəxs imam salam verdikdən sonra qıldığı rükətlərdə imamın səsli oxuduğu zəmmi-surədən bir və ya bir neçə əvvəlki surəni oxuya bilərmi?
CAVAB
Bəli, sırasına riayət etmədən oxuya bilər.