Sual: Bəziləri «Quran deyir ki, «Məni zikr üçün, xatırlamaq üçün namaz qıl. (Taha, 14)», «Allahı çox zikr edin, çox anın (Əhzab, 41)». Namaz zikrdir, yəni Allahı anmaqdır. Bir şəxs çılpaq da olsa, heyzli və ya cünub da olsa, Allahı anmaq olan təməl ünsür hökmünü itirməz. Heç bir şey, heç bir vəziyyət namaza mane ola bilməz» deyirlər. Namaz üçün dəstəmaz və qüslə ehtiyacın olmadığı deyilir?
CAVAB
Müsəlman belə iddiada ola bilməz, ancaq münafiq və ya missioner ola bilər.
“Allahı an, lakin necə istəyirsən elə an. Çılpaq, heyzli və cünub olmağın fərqi yoxdur” deyildiyinə görə, namaza inanılmadığı aydın olur. Məqsəd isə dini pozmaqdır. Bəli, namaz Allahı xatırlamaqdır, amma hər Allahı xatırlama işi namaz deyil. Buna görə, «Allahı xatırlamaq üçün qüslə, dəstəmaza ehtiyac olmadığına görə, namaz da Allahı xatırlamaqdır, namaz üçün qüslə, dəstəmaza ehtiyac yoxdur» demək hiyləgərliklə dini pozmağa çalışmaq deməkdir.
Qurani-kərimdə və hədisi-şəriflərdə namaz qılmaq üçün lazımi şərtlər bildirilmişdir. Hər vəziyyətdə namaz qılına bilməz. Namaz üçün 1-Hədəsdən təharət, 2-Nəcasətdən təharət, 3-Örtünmək, 4-Vaxt, 5-Niyyət, 6-Qiblə təyini şərti vardır. Əlavə olaraq namazın içində də şərtlər vardır.
1-Hədəsdən təharət şərti:
Cünub olanın və heyzi bitənin qüsl alması, su olmazsa, təyəmmüm etməsi; dəstəmazsız olanın da dəstəmaz alması şərtdir. Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Cünub ikən qüsl alana qədər namaza yaxınlaşmayın». [Nisa, 43]
«Ey iman edənlər, namaza qalxdığınız zaman üzlərinizi, dirsəklərinizə qədər əllərinizi yuyun; başınıza məsh edib topuqlara qədər ayaqlarınızı yuyun. Əgər cünub olmuşsunuzsa, qüsl alın». [Maidə, 6]
Hədəslə əlaqədar bir çox hədisi-şərif var. Bəziləri belədir:
«Dəstəmazsız qılınan namaz səhih olmaz». [Buxari, Müslim, Tirmizi, Əbu Davud]
«Hədəsdən təmizlənmədən [dəstəmazsız, cünub] qılınan namazı Allahu təala qəbul etməz». [Müslim, Əbu Davud, Tirmizi, Nəsai]
«Dua rəhmətin, dəstəmaz namazın, namaz da Cənnətin açarıdır». [Deyləmi]
«Qadın heyzli ikən namazı tərk edər, heyzi bitdikdən sonra üzr qanı davam etsə, yuyunar; namazını qılıb orucunu da tutar. Lakin hər namaz vaxtı girəndə dəstəmaz alar». [Darəmi]
«Lohusa qadın qırx gün keçdiyi halda qan davam etsə, üzrlü sayılar, yuyunar və namaza davam edər. Qan davam etsə, hər namaz vaxtında dəstəmaz alar». [Hakim]
«Qüsl dəstəmazı nəsh etmişdir». [Beyhəki] «Yəni qüsl dəstəmazı ilə namaz qılınar, təkrar dəstəmaz almaq lazım deyil».
«Cəbrayıl əleyhissəlam ilk vəhyi gətirəndə dəstəmazı və namazı öyrətdi». [Darə Qutni]
«Namaz qılarkən dəstəmazı pozulan burnunu tutub namazdan çıxsın». [İbni Macə] [Görən burnunun qanadığını zənn etsin, sui-zənnə səbəb olmasın.]
«İki mələk birinin qəbrinə gəlib ona şiddətli bir zərbə vurdular. Qəbir odla doldu. Adam huşunu itirdi. Ayılanda mələklərə "Məni niyə vurdunuz" dedi. Mələklər "Sən təmiz olmadığın halda namaz qıldın və məzlum birinə imkanın varkən kömək etmədin" dedilər». [Təbərani]
2-Nəcasətdən təharət:
Namaz qılanın paltarının və namaz qılacağı yerin təmiz olması şərtdir. «Hindiyyə»
Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Paltarın da təmiz olsun». [Muddəssir, 4]
3-Sətri-övrət:
Kişilərin dizlə göbək arasını, qadınların əl və üz xaric, hər yerini namazda örtməsi fərzdir. «Rəddül-muxtar»
Bir ayəti-kərimə tərcüməsi belədir:
«[Namaz qılarkən] Hər səcdə edəndə zinətli [təmiz, sevilən, gözəl] paltarlarınızı geyinin». [Əraf, 31]
4-Vaxt:
Namaz vaxtı girmədən qılınmaz. Vaxtın girməsi şərtdir. «Hələbi»
Bir ayə tərcüməsi belədir:
«Namaz möminlərə müəyyən vaxtlarda fərz edildi». [Nisa, 103]
5-Niyyət:
Namaz qılmağa niyyət etmək də şərtdir. «Dürər»
Bir hədisi-şərif tərcüməsi belədir:
«Niyyətsiz ibadət məqbul olmaz». [Deyləmi]
6-Qiblə təyini:
Bir ayə tərcüməsi belədir:
«Üzünü məscidi-harama tərəf döndər. Siz də harada olursunuz olun, üzünüzü o tərəfə çevirin». [Bəqərə, 144]
Bu dəlillər açıq şəkildə göstərir ki, xarici və daxili şərtlərinə riayət etmədən qılınan namaz səhih olmaz.