Sual: Diş plombu qüslə manedir, yoxsa yox? İsbatlı şəkildə bildirə bilərsinizmi?
CAVAB
Fiqh kitablarındakı ifadələr belədir:
Dişlərin arasında yemək artığı qalıb altı yuyula bilməzsə, qüsl caiz olar. Çünki su axıcı olub bu artıqların altına sızar. Lakin bu artıqlar bərkimişsə, qüsl caiz olmaz. Çünki su bunun altına sızmaz. Bunda zərurət və çətinlik yoxdur. (Hələbiye-kəbir)
Dişlərin arasında, diş oyuğunda bərkimiş yemək artığı olsa, qüsl səhih olmaz. (Qazıxan)
Dişin arasındakı yemək qırıntısı bərkiyib su keçirməzsə, qüslə mane olar. (Məc. Zühdiyyə)
Dürrul-muxtarın “Diş çuxurundakı şeyin qüslə zərər vermədiyini deyən olsa da, bu şey bərk, qatı olub altına su keçməzsə, qüsl caiz olmaz” ifadəsini İbni Abidin həzrətləri belə açıqlayır:
“Zərər verməz” deyilməsi su dişdəki şeyin altına sızıb isladacağı üçündür. “Xülasatül-fətava”da da belə yazılıb. Bu fətvadan da aydın olur ki, altına su keçməzsə, qüsl caiz olmaz. “Hilyə” və “Münyətül-musəlli” şərhində də belə yazılmışdır. (Rəddül-muxtar)
“Mərakil-fəlah”ı açıqlayan Təhtavi “Diş çuxurundakı yemək artıqlarının altına su keçsə, qüsl caiz olar. Bunlar sərt olub altına su keçməzsə, qüsl caiz olmaz. “Fəthül-qədir”də də belə yazılıb” deyir.
Yenə Təhtavi “Dürrul-muxtar” haşiyəsində buyurur ki:
Diş çuxuruna girən yemək parçasının altına su sızacağına görə qüslə mane olmaz. Suyun sızdığında şübhə varsa, bunları çıxarıb oranı yumaq lazımdır.
“Məcmuayi-Cədidə”nin hicri 1329 tarixli əlavəli nəşrində diş plombunun qüslə mane olmadığı yazılsa da, bəhs edilən ifadə bu kitabın hicri 1299 tarixli ilk nəşrində yoxdur. Bu ifadə nəşrə ittihadçıların şeyxül-islamı mason Musa Kazım tərəfindən əlavə verilmişdir. İttihadçıların adamı etibarlı deyil.
“Qızıl, gümüş və ya plastik diş düzəltdirmək caizdirsə, qüsl də caizdir” demək səhvdir. İmam Rəbbani həzrətləri “Hənəfi məzhəbinin üsuli-fiqhində şərtsiz bildirilən bir xəbər şərtli olaraq qəbul edilir” buyurur. Fiqh kitablarında “Maral əti yemək caizdir” buyurulur. Hökm şərtsiz olaraq bildirilmişdir. Maral əti caizdir deyə canlı bir maralı tutub, bir ayağını kəsib yemək caiz olmaz. Əhli-kitabdan başqa qeyri-müslim kəssə və ya öz-özünə ölsə, leş olduğuna görə yenə yeyilməz. Bəsmələsiz kəsilsə, yenə yeyilməz. Göründüyü kimi, maral ətinin yeyilməsi üçün bir çox şərt var.
“Müharibədə ölən şəhid olar” hədisi-şərifi şərtsiz bildirildiyinə görə, bəzi şərtlərinin olduğu başa düşülür. Məsələn, mömin olmayan müharibədə də ölsə, şəhid olmaz. “Gümüş üzük kişilərə də caizdir” hökmü də şərtsiz olaraq bildirilmişdir. Üzüyün ağırlığı 4,8 qramdan çox olmamalıdır. Əgər üzük çox möhkəm olsa, altına su keçmədiyi üçün alınan dəstəmaz və ya qüsl səhih olmaz. Belə dar olan üzüyü oynadaraq və ya çıxardaraq altına su keçirmək şərtdir. “Gümüş üzük caizdir” deyə altını yumağın lazım olmadığı şəklində anlamaq səhvdir. Bunun kimi, “Laxlayan dişi qızıl tellə bağlamaq caizdir” deyilincə bunun da bəzi şərtlərinin olduğu aydınlaşır. Altına su keçib-keçmədiyinə baxılır. Üzüyün altına su keçmədikdə dəstəmaz və qüsl səhih olmadığı kimi, ağızın içində quru yer qaldıqda qüsl səhih olmaz. Buna görə diş plombu olan “Ağızın içini yumaq qüsldə fərz deyil” deyən bir məzhəbi, məsələn, Malikini təqlid etməlidir.