Sual: Müxtəlif camaatlar bir-birindən fərqli şeylər söyləyirlər, birinin halal dediyinə digəri haram deyir, birinin sünnə dediyinə digəri bidət deyir. Hansı camaat daha uyğundur?
CAVAB
Hədisi-şəriflərdə əhli-sünnə vəl-camaat etiqadında olmaq və salehləri sevib onlarla birlikdə olmağa çalışmaq, onlardan ayrılmamaq əmr edilir. Doğru yolda olmağın şərtləri var. Bunların bəzilərini maddələr halında bildirək:
1- Tək haqq din islamiyyətdir.
Bir ayəti-kərimə tərcüməsi belədir:
«Allah qatında haqq din ancaq islamdır». [Ali-İmran, 19]
Bir hədisi-şərif tərcüməsi də belədir:
«Cənnətə yalnız müsəlman olan girər». [Buxari, Müslim]
2- Hubb-i fillah və buğd-ı fillah üzrə olmaq.
Üç hədisi-şərif tərcüməsi:
«İnsan dünyada kimi sevərsə, axirətdə onun yanında olacaq». [Buxari]
«İmanın təməli Allah üçün sevmək və Allah üçün nifrət etməkdir». [Əbu Davud]
«Cəbrayıl əleyhissəlam kimi ibadət etsəniz də, möminləri Allah üçün sevmədikcə və kafirləri Allah üçün pis bilmədikcə heç bir ibadətiniz, xeyir və gözəl işləriniz qəbul olmaz!» [“Ey oğul” elmihalı]
3- Əhli-sünnə vəl-camaata uyğun etiqadda olmaq.
Bir hədisi-şərif tərcüməsi:
«Ümmətim 73 firqəyə ayrılar. Bunlardan 72-i Cəhənnəmə gedər, tək bir firqə xilas olar. Bu firqə mənim və əshabımın getdiyi yolda gedənlərdir». [Tirmizi, İbni Macə]
İmam Rəbbani həzrətləri buyurur:
«Etiqad ediləcək [inanılacaq] şeylərdə bir sarsıntı olarsa, qiyamətdə Cəhənnəmdən heç cür xilas olmaq olmaz. Etiqadı doğru olub əməli [ibadətləri etməkdə, haramlardan qaçmaqda] zəif olan tövbəylə və bəlkə də, tövbəsiz bağışlana bilər. Cəhənnəmə girsə də, sonda yenə xilas olar. İşin əsli, təməli etiqadı düzəltməkdir». [1/193]
4- Sünnələrə uyub bidətlərdən uzaq durmaq:
Yenə imam Rəbbani həzrətləri buyurur:
Bəziləri edəcəyi dəyişikliklərlə dini düzəldib yetkinləşdirəcəyini zənn edir. Ortaya bidətlər çıxarır. Bidətlərin zülmətiylə sünnənin nurunu örtməyə çalışır. Onlar dinin çatışmazlığını tamamladığını iddia edir. Bilmirlər ki, din nöqsanlı deyil. Bir ayəti-kərimə tərcüməsi:
«Bu gün sizin üçün dininizi kamil etdim, üzərinizə olan nemətimi tamamladım, sizə din olaraq islamı bəyənib seçdim». [Maidə, 3]
Dini nöqsanlı zənn edib tamamlamağa çalışmaq bu ayəyə inanmamaqdır. «1/260»
5- Dörd haqq məzhəbdən birində olmaq.
Əhməd Təhtavi həzrətləri buyurur:
Bu gün hər bir müsəlmanın dörd məzhəbdən birində olması şərtdir. Dörd məzhəbdən birində olmayan əhli-sünnədən ayrılar. «Dürri-Muxtar haşiyəsi»
Məhəmməd Hadimi həzrətləri buyurub:
Ədilleyi-şəriyyənin dörd olması müctəhidlər üçündür. Müqəllidlər, yəni dörd məzhəbdən birində olanlar üçün dəlil və sənəd olduğu məzhəbin hökmüdür. «Bəriqə»
6- Dində nəqli əsas götürmək.
İslam alimləri buyurur:
Fiqh kitablarına uyğun gəlməyən məlumatlar səhvdir. Bunlara bel bağlamaq caiz deyil. İslam bilgilərini öyrənmədən ayəti-kərimə və ya hədisi-şərif oxuyub bunlara öz fikrinə görə məna verənlərə islam alimi deyilməz. Nə qədər bəzəkli, parlaq danışıb yazsalar da, heç bir dəyəri yoxdur. Əhli-sünnə alimlərinin anlayıb yazdığı fiqh kitablarına uyğun gəlməyən söz və yazıları Allahu təala bəyənməz. İlham və şəxsi görüş qətiliklə dəlil olmaz. Dində nəql əsasdır. Həzrəti Əli buyurur:
«Din ağıl və görüşlə olsaydı, məstin üstünə deyil, altına məsh edərdim». [Əbu Davud]
Nəticə: Şəxslər, kitablar, camaatlar və qruplar üçün bizim yaxşı və ya pis deməyimiz bir ölçü olmaz. Yəni biz yaxşı dedikdə yaxşı olmazlar, pis dedikdə də pis olmazlar. Şəxs adı, kitab adı, qrup adı əhəmiyyətli deyil. Minlərlə alim və kitab var. Əlimizdə ölçü olsa, rahatlayarıq, özümüz anlayarıq. Ölçünü imam Rəbbani həzrətləri verir:
«Bir hökmün doğru və ya səhv olduğu əhli-sünnə alimlərinin bildirdiklərinə uyğun olub-olmamağıyla aydınlaşır. Çünki əhli-sünnə alimlərinin bildirdiklərinə uyğun gəlməyən hər bir məna qiymətsizdir, səhvdir. Çünki hər səhv düşünən Quran və sünnəyə tabe olduğunu zənn edər, səhv fikirlərinin doğru olduğunu iddia edər. Az ağlı və qısa görüşüylə bu qaynaqlardan səhv mənalar çıxarar. Doğru yoldan azıb fəlakətə düşər. Əhli-sünnə alimlərinin bildirdiyi mənalar doğrudur, bunlara uyğun gəlməyən səhvdir». [1/ 286]
Demək, doğru olmağın ölçüsü əhli-sünnə alimlərinin kitablarına uyğun gəlməsidir.
Yenə əhli-sünnə alimləri buyurur:
Allahu təala islamiyyəti doğru olaraq öyrənmək istəyənə bunu nəsib edəcəyinə söz vermişdir. Allah sözündən dönməz. Buna görə, «Ya Rəbbi, sənə inanıram, səni və Peyğəmbərlərini sevirəm. İslam bilgilərini doğru şəkildə öyrənmək istəyirəm. Bunu mənə nəsib et və məni səhv yollara düşməkdən qoru» deyə dua edib istiharə etmək lazımdır! Cənabi-Haqq ona doğru yolu göstərər.
Allahu təalanın sözünə güvənmək, Ona sığınmaq lazımdır. Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Doğru yolu axtaranları səadətə çatdıran yollara qovuşdurarıq». [Ənkəbut, 69]
«Allah özünə yönələni doğru yola çatdırar». [Şura, 13]
«Allah əsla verdiyi sözdən dönməz». [Zumər, 20]
İndi müxtəlif qruplardakı insanlar da belə dua etməkdən çəkinməməlidir. Haşa, Allahu təala səhv bir iş etməz. Bəlkə, səhv yolda olduğunu düşünərək «Ya Rəbbi kimlər doğru yoldadırsa, sənin razı olduğun kəslərdirsə, mənə onları sevməyi, onlarla birlikdə olmağı nəsib et» deyə dua etmək lazımdır. Əgər doğru yolda olarsa, duanın bir zərəri olmaz. Səhv yolda olarsa, doğruya qovuşub xilas olar. Belə dua etməkdən çəkinmək olmaz.
Doğrunu tapmaq
Sual: Bir yoldaş «Mən də əhli-sünnə kitablarını oxuyuram, sən səhv başa düşürsən» deyərək bir neçə mövzuda fərqli şeylər söylədi. Hansımızın doğru anladığını necə təsbit edə bilərik?
CAVAB
Oxunan kitabı doğru anlamaq əhəmiyyətlidir. Allahu təala dinini doğru olaraq öyrənmək istəyənə bunu nəsib edəcəyinə söz verdi. Allah sözündən dönməz. Hər kəs «Ya Rəbbi! Dinimi doğru olaraq öyrənmək istəyirəm. Razı olduğun əhli-sünnə alimlərinin kitablarını oxuyub doğru olaraq anlamağı nəsib et!» deyə ixlasla dua etmək, Allahu təalanın sözünə güvənmək lazımdır. Cənabi-Haqq ona şübhəsiz, doğru yolu göstərər.
Səhv məlumat əldə etmək
Sual: Dini məlumatlar öyrənmək üçün hamı müxtəlif adamlardan soruşur. Yaxud müxtəlif kitablardan məlumat alır. Öyrəndikləri yer səhv məlumat verirsə, öyrənənlər də məsul olarmı? Günah cavab verənin və ya kitabın olmazmı?
CAVAB
Günah cavab verənin və ya kitabın olsa da, səhv məlumat öyrənən məsuliyyətdən xilas ola bilməz. Bir də ehtiyata riayət etmək lazımdır. Bir iş üçün kitabın biri haram, o biri də halal deyirsə, haram olduğunda şübhə olar. Bu vəziyyətdə də o işi etməmək lazımdır. Doğru kitabdan öyrənilsə, belə bir şeyə gərək qalmaz. Doğru yolu tapmaq üçün dua etmək lazımdır. Allahu təala dinini doğru olaraq öyrənmək istəyənə bunu nəsib edəcəyinə söz verdi. Allah sözündən dönməz. Cənabi-Haqq belə səmimiyyətlə yalvarana şübhəsiz, doğru yolu göstərər. “Doğru yoldayam” deyə inad edərək dua etməyən də, əlbəttə, etdiklərindən məsul olar.