Sual: Plomb dişə məsh etmək ayaqdakı məstə məsh etmək kimi caiz deyilmi? Yaxud yaranın üstünə məsh etmək kimi caiz deyilmi?
CAVAB
Dinimizdə məsh təkcə ayaqlara geyilən məstin üzərinə edilir. Bu məstin müddəti də mukim üçün 24 saatdır. Dəstəmaz aldıqdan sonra dırnaqlarına lak vuran qadının dəstəmazı pozulunca lakın üstünə məsh etməsi caiz deyil. Cahillər plombu yaraya bənzədib “Plombun altındakı yara yuyulmaz, məsh kafidir” deyirlər. Bədəndəki yaranın üstünə qoyulan sarğıya məsh edilər. Yara sağalandan sonra sarğıya məsh çəkmək caiz deyil. Əgər bu sarğını açmaq çətindirsə, sarğı çıxarılana qədər altını yumaq hökmdən düşür. Çünki bunlar zərurətlə qoyulmuşdur. Yəni yaranı müalicə etmək, əvvəlki halına gətirmək üçün qoyulmuşdur. Örtük və plombdursa, dişi müalicə etmir, əvvəlki halına gətirmir. Xəstə və oyuq dişin o halı ilə bir müddət yenə istifadə edilməsini təmin edir. Əgər plomb dişi müalicə etsəydi, yəni dişin çürüyünü aparıb əvvəlki halına gətirsəydi, sarğı kimi zərurət olardı. Örtüyün üstünə məsh etmək yaranın üzərinə məsh etmək kimi deyil. Sarğı yaranın sağalması və əvvəlki halına gəlməsi üçün qoyulur. Plomb və örtükdə isə dişin əvəlki halına dönməsi mümkün deyil. Bir-biri ilə müqayisə edilə bilməz.
Ehtiyac halında başqa məzhəbi təqlid caizdir. Lakin əli qanayan bir Hənəfi Şəfiidə qan dəstəmazı pozmaz deyə Şəfiini təqlid edib o halı ilə namaz qıla bilməz. Çünki mötəbər əsərlərdə buyurulur:
Başqa məzhəbi təqliddə o məzhəbin şərtlərinə də uymaq lazımdır. (Xülasatüt-təhqiq, Hədiqə)
Çətinlik varsa, fərzi etmək üçün başqa məzhəbi təqlid caiz olar. (Fətavayi-xeyriyyə)
Bir Hənəfi öz məzhəbinə görə edə bilmədiyi bir işi edə bilmək üçün, başqa bir məzhəbi, məsələn, Şəfiini təqlid edə bilər. Bəhrür-raiq və Nəhrül-faiqdə də belə yazılıdır. (Neməti-İslam)
Zərurət olmasa da, çətinlik və məşəqqət olduğu zaman digər üç məzhəbdən biri təqlid edilər. Bir ibadətin səhih olması üçün, dörd məzhəbdən birinə uymaq lazımdır. Əgər şərtlərindən biri bir məzhəbə, başqa biri də başqa məzhəbə uyğun olsa, bu ibadət səhih olmaz. (Rəddül-muxtar)
Keçmişdə laxlayan dişi qızıl tellə bağlayırdılar. Çıxmış diş, qoyun dişi və yaxud qızıldan düzələn dişi çıxan dişin yerinə qoyub tel vasitəsilə digər dişlərə bağlayırdılar. Bu tellərin altına su sızardı.
Gümüş üzük taxmaq caizdir. Lakin üzük dar olub altına su keçməzsə, qüsl səhih olmaz. Qüslün və ya dəstəmazın səhih olması üçün, dar üzüyü oynadıb suyu altına çatdırmaq lazımdır. Diş örtdürmək də caizdir. Ancaq altına suyu çatdırmaq mümkün deyil. Dişləri çıxarmaq lazım deyil. Dinimizin bildirdiyi rüsxətdən faydalanmaq lazımdır. Qüsldə ağızın içini yumağın fərz olmadığını bildirən Maliki və ya Şəfii təqlid edilər.
Bir Hənəfinin öz məzhəbinə görə edə bilmədiyi bir işi edə bilməsi üçün, Şəfiini təqlid etməsinin zərəri yoxdur. Lakin bu işi edərkən təqlid etdiyi məzhəbin şərtlərini də yerinə yetirməlidir. Ehtiyac olmadan və şərtlərini etmədən təqlid etmək təlfiq olur ki, caiz deyil. (Mərakil-fəlah haşiyəsi)
Zərurət olmadan edilən bir iş səbəbi ilə ibadətdə çətinlik olunca bu fərzi etmək üçün başqa məzhəbi təqlid etməyin lazım olduğu Rəddül-muxtar, Mizan, Hədiqə, Bəriqə, Fətavayi-Hədisiyyə, Fətavayi-xeyriyyə və Məfüvat kimi qiymətli kitablarda yazılıdır.
Plomb və təqlid
Sual: Biz dişin içini deyil, üstünü yuyuruq. Plomb da dişin içindəki çürük təmizlənib onun üstünə qoyulur. Yəni dişin çöl hissəsi yuyulduğu halda nəyə görə başqa bir məzhəbi təqlid etmək lazımdır?
CAVAB
Plomb örtük olunca dişin çölü yuyulmuş olmur, dişin çölünə saqqız yapışsa və altına su keçməsə, qüslün caiz olmadığı fiqh kitablarında yazılmışdır. Bir neçə nümunə verək:
1- Qüsldə yalnız qulağın çölü yuyulur. Sırğa üçün deşiləndə deşilən yer artıq bədənin çölü sayılır və yuyulması lazım gəlir.
2- İnsanın bir barmağı kökündən kəsilsə, kəsilən yer artıq bədənin çölü olur. Kəsik yer yuyulmazsa, dəstəmaz və qüsl səhih olmaz.
3- İnsanın qolu biləkdən kəsilsə, kəsilən yer artıq bədənin çölü olur. Kəsik yer yuyulmazsa, dəstəmaz və qüsl səhih olmaz. Bədənin çölü halına gələn o hissənin yuyulması şərtdir.
4- Diş də bunlar kimidir. Dişin yarısı qırılsa, qırılan yer bədənin çölü sayılır. çöl qismini də qüsldə yumaq fərzdir. Yaxud dişin üstü bir şeylə örtülsə, dişin üstünə su keçmədiyinə görə qüsl səhih olmaz.
Bunun kimi diş çürüdükdə və ya çürük hissə plomb üçün təmizləndikdə bura artıq dişin çölü olur və qüsldə ora yuyulmalıdır. Buna görə dişə saqqız kimi bir şey yapışsa, çörək qırıntıları quruyub altına su keçirməsə və ya plomb qoyulsa, bu xarici səth islanmır. İslanmayınca da Hənəfi məzhəbində qüsl səhih olmur. Buna görə qüsldə ağızın içini yumağın fərz olmadığını deyən Maliki və ya Şəfii məzhəbindən birini təqlid etmək lazımdır.
Diş plombunu yaraya bənzətmək olmaz. “Örtüyün altındakı yara yuyulmaz, məsh kafidir” demək cahillikdir. Bədəndəki yaraya qoyulan sarğıya məsh edilər. Yara sağalandan sonra sarğıya məsh etmək caiz olmaz. Əgər bu sarğını açmaq çətindirsə, sarğıları çıxarana qədər altını yumaq lazım deyil. Çünki bunlar zərurətlə, yəni yaranı müalicə etmək və əvvəlki halına gətirmək üçün qoyulmuşdur. Örtük və plomb isə dişi müalicə etmir, əvvəlki halına salmır. Xəstə və oyuq dişin o halı ilə bir müddət əlavə istifadə edilməsini təmin edir. Əgər plomb dişi müalicə etsəydi, yəni dişin çürüyünü aparıb əvvəlki halına salsaydı, sarğı kimi zərurət olardı. Örtüyün üstünə məsh etmək yaranın üzərinə məsh etmək kimi deyil. Buna görə sarğı ilə plomb bir-biri ilə müqayisə edilməz.
“Ayaqdakı məstə məsh edildiyi kimi, dişə də məsh edilər” demək daha səhvdir. Məsh təkcə ayaqdakı məstə edilir, lakın üstünə və ya örtüklü dişə edilməz. Dinimizi oyuncaq halına gətirməməliyik. Fiqhi hökmlərin xaricinə çıxıb islahat etməkdən çəkinməliyik.