Sual: Sünnə üzrə necə qüsl alınır?
CAVAB
Qüsl almaq çox asandır. Ağzını və burnunu su ilə yuyub, dənizə və ya gölə girib çıxan, yaxud duş altında bütün bədənini isladan qüsl almış olar. Əvvəl dəstəmaz alıb sonra bütün bədən yuyulsa, sünnəyə uyğun olar. Qüsl almaq üçün niyyət Hənəfidə sünnə, digər məzhəblərdə fərzdir. Qüsl alarkən niyyəti unudanın da qüslü etibarlı olar.
Qüsl alarkən bəsmələ oxunur. Hətta kəlmeyi-şəhadət də gətirmək yaxşı olar. Sünnə üzrə qüsl almaq üçün əvvəlcə təmiz olsa belə, iki əli və övrət yerini yumaq lazımdır. Sonra bədəndə nəcasət varsa, yumalı və sonra qüslə niyyət edərək tam bir dəstəmaz almaq lazımdır. Sonra bütün bədənə üç dəfə su tökülməlidir. Əvvəl üç dəfə başa, sonra üç dəfə sağ çiyinə, sonra üç dəfə sol çiyinə tökməli, hər dəfə də o tərəf tamam islanmalıdır. Birinci tökəndə ovmaq lazımdır. Qüsldə bir orqana tökülən suyu başqa orqanlara axıtmaq caizdir və ora da təmizlənir. Çünki qüsldə bütün bədən bir orqan sayılır. Dəstəmaz alarkən bir orqana tökülən su ilə başqa orqan islansa, yuyulmuş sayılmaz. Qüsl tamam olunca təkrar dəstəmaz almaq məkruhdur. Qüsl alarkən dəstəmazı pozulsa, qüslə zərəri olmaz, lakin namaz qılmaq üçün bir daha almaq lazımdır.
Qüsl alarkən sabunlanmaq, kisələnmək uyğun deyil. kirdən təmizlənmə işini ya qüsldən sonra və ya əvvəl etmək lazımdır. İkisinin eyni anda edilməsi uyğun deyil. Qüsldə çox su istifadə edilmiş olur ki, bu da məkruhdur. Malikidə muvalata, yəni fasiləsiz yumağa mane olsa, qüsl etibarlı olmaz.
Duşa girdikdə əvvəl qüsl alınır. Sonra kiri təmizləmək üçün yuyunulur. kir üçün yuyunarkən ehtiyac olan qədər çox su istifadə etməyin zərəri yoxdur.
Qüsl alarkən namaz dəstəmazı pozacaq hallar olsa, (məsələn, qan çıxsa, qaz və ya sidik çıxsa və s.) qüslə qaldığı yerdən davam edilir, dəstəmazı pozan şey qüslü pozmaz. Yalnız bu dəstəmazla namaz qılınmaz, sonra namaz dəstəmazı almaq lazımdır.
Qüsl və israf
Sual: Dəstəmazda və qüsldə gərəyindən çox su istifadə etmək israfdırmı?
CAVAB
Bəli. Təkcə qüsl almadan əvvəl və ya sonra kirdən təmizlənmək üçün yuyunmanın zərəri yoxdur.
Vəsvəsə
Sual: Vəsvəsəli birisiyəm. Diqqət etməyimə baxmayaraq, dəstəmaz və qüsldə quru yerim qalsa, yaxud səcdeyi-səhv ediləcəkkən unutsam, buna bənzər başqa şeyləri unutsam, oruclu ikən unudub yeyib-içsəm, unudaraq namazı vaxtında qılmasam, sonra da xatırlamadığım üçün qəza etməsəm, axirətdə halım necə olar?
CAVAB
Dinimizdə unutmaq üzrdür. Unudaraq yeyib-içmək orucu pozmaz, qəza da lazım deyil. Unudaraq namazın qəzaya qalması da günah olmaz.
Dəstəmazda, qüsldə quru yer qalmışsa, bilmədiyiniz üçün heç zərəri olmaz. “Görəsən quru yer qaldımı” deyə dəfələrlə yumaq lazım deyil. Bunlar vəsvəsədir, vəsvəsə isə günahdır.
Qüsl alarkən danışmaq
Sual: Qüsl alarkən danışmağın zərəri varmı?
CAVAB
Qüsl alarkən danışmamaq sünnədir. Ehtiyac yox ikən danışmamaq lazımdır.
Başqa yerdə almaq
Sual: Ə.Səadətdə “Qüsl aldıqdan sonra təkrar dəstəmaz almaq məkruhdur. Dəstəmaz pozulmadan başqa yerdə almaq caizdir” deyilir. Başqa yerdə almaqda məqsəd nədir?
CAVAB
Qüsl aldığı yerdə deyil, başqa dəstəmazxanada almaq deməkdir. Belə olsa, məkruh olmaz.
Qüsldən sonra ayaqları yumaq
Sual: Qüsldən sonra ayaqları təkrar yumaq lazımdırmı?
CAVAB
Əgər ayaqların altında su toplanırsa, çıxarkən ayaqları təkrar yumaq lazımdır. Su toplanmırsa, təkrar yuyulmaz.
Malikiyə görə qüsl alarkən
Sual: Maliki məzhəbini təqlid edən kişi qüsl alarkən əvvəl övrət yerlərini yusa, sonra bir daha ön övrət yerinə heç toxunmasa, dəstəmaz alıb qüsl aldıqdan sonra bu qüsl ilə namaz qıla bilərmi?
CAVAB
Qıla bilər. Qüsl alarkən ön övrət yerinə dəstəmazdan sonra toxunmasa, dəstəmazı pozulmaz. Övrət yerinə toxunmaq qüslə zatən zərər verməz. Yəni toxunulsa belə, qüslə davam edilər. Sonra namaz qılmaq üçün yalnız namaz dəstəmazı almaq kafidir. Qadınlar övrət yerlərinə toxunsalar da, dəstəmazları pozulmaz.